Kitabxanası
line decor
  / Kitabxana haqqında / Kitabxananın tarixi /E-kitabxana/ E-kataloq / Normativ sənədlər / Metodik vəsaitlər/Tədbirlər/
line decor
 
 
 
 

Şamaxılılar

Fələki Şirvani 1108- ci ildə Şamaxıda anadan olmuşdur. Onun əsl adı Əbu Nəzzam Həkim Cəlaləddin Məhəmməd Şirvanidir. Astronomiya elmi ilə çox məşğul olduğu və bu barədə kitab yazdığı üçün Fələki təxəllüsünü qəbul etmişdir. Fələki Şirvanşahlar sarayında yaşamış , Şirvanşah Mənuçöhrü (1120-1146) mədh edən qəsidələr yazmışdır. Fələki Şirvani 38 yaşında Təbrizdə vafat etmişdir. Onun əsərləri ilk dəfə İran alimi Hadi Həsən tərəfindən toplanmış və 1929-cu ildə Londonda nəşr edilmişdir.
XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Adı Məhəmməd, doğulduğu və öldüyü yer Şamaxıdır. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. İxtisasına uyğun olaraq «Fələki» təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr, həsr etmişdir. O, Şirvanşahın mədhində yazdığı bir qəsidədə deyir:
Sən yüksəklik və alicənablığın səması, dünya nöqtəsinin mühitisən,
Sən gözəl xülq və səxavət dünyası, bəşər ailəsinin çırağısan.
Sən beşinci iqlimin padişahı, yeddi səyyarənin
fövqündə səkkizinci yeganə bir ulduzsan,
Sən böyüklükdə ikinci Cəmşid, əzəmətdə padişahlar padişahısan.
Sən Zühəl dərəcəli, qəza əlli, qədər müradlı və fələk kinəlisən.
Sən şimal təbiətli, sübh qədər parlaq, Məsiha təsirli və mələk nəfəslisən.
Sən Arəş kimi rəyi bəyənilmiş, Bəhmən kimi səxavətlisən,
Sən Rüstəm kimi cahangir, Neyrəm kimi hünərlisən.
Günəş üzlü Mənuçöhr səmanın günəşidir,
O, qaranlıq aləmin üzündən zülm tüstüsünü sildi.
Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır:
Dərdimə kimsə mədədkar deyil,
Nə edim, bəxt mənə yar deyil.
Öldürüb səbrü intizar məni,
Bəs nədir çarəm, intizar deyil?
Bu qədər möhnət ilə dərd budur:
Qəmimə kimsə mədədkar deyil.
Fələki yaradıcılığında məhəbbət lirikasi, təbiət tərənnümləri də güclüdür:
Könlümü hansı gecə ayrılığın qan etməz?
Hansı çarən bu sınıq qəlbimi nalan etməz?
Bir gün olmaz ki,sənin möhnəti-eşqin,gözəlim,
Qəlbim atəşkədə, göz yaşımı ümman etməz.

Xaqani Şirvani
1121-ci ildə Şamaxıda anadan olmuşdur. Nizamiyə qədər azərbaycan ədəbiyyatına ictimai, siyasi , humanist məzmun və yüksək sənətkarlıq gətirən şair kiçik yaşlarından şer yazmağa başlamışdır.Xaqani 18 yaşında ikən saraya aparılır , burada çoxlu qəsidə, mədhiyyə fəxriyyə, qəzəl və s. yazır. Xaqani Azərbaycan ədəbiyyatında ilk poemanın müəllifi olmuşdur, qəzəlləri, qəsidələri, mərsiyələri, rübailəri öz orjinallığı ilə başqalarından seçilir. Xaqani 1199-cu ildə Təbrizdə vəfat etmişdir.
Sərq aləminin ən böyük şair və filosoflarından biri Əfzələddin Ibrahim ibn Əli Xaqani Şirvani təxminən 1126-ci ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhərində anadan olub. Şamaxı Azərbaycanın şimalında yerləşirdi. Xaqanini fars poeziyasının klassiki Sənainin ardicılı hesab edənlər çox vaxt onun adina "Bədil" ("Varis") ləqəbini də qoşurlar. Ibrahimin atası Əli Nəccar ibn Osman Şirvani dülgər, babası Osman isə toxucu idi. Osmanın atasının adı Ibrahim olmuşdu. Şairin əmisi Ömər Kafiəddin oğlunu Osman adlandırmış, onun qardaşı Əli Nəccar isə oğluna babasının adını qoymuşdu.
0, Şamaxı yaxınlığında, Məlhəm adlanan yerdə Tibb Akademiyası yaratmış və müalicə təcrübəsi, dərman hazırlığı və həkim kadrların yetişdirilməsi üçün təbabət elminin bilicilərini buraya də'vət etmişdi. Gözəl həkim, cərrah və farmokoloq olan Kafiəddin müalicə zamanı kif köbələyinin ondan artıq növündən istifadə edirdi (hal-hazırda kif köbələkləri antibiotiklər istehsalında istifadə olunur). Kiçik Ibrahimin təhsili ərəb əlifbasının, hüsnxətt qaydalarının mənimsənilməsindən və "Qur'an"ın mütaliəsindən başlanır. Sonra ona dövrün adətincə, ilahiyyat, dilçilik, riyaziyyat, astronomiya və astrologiyanı tədris edirlər. Xaqaninin tərbiyə olunmasında Kafiəddinə oglu Vəhidəddin Osman da böyük kömək göstərir. 1160-ci ildə Mənuçöhr vəfat edir və onun taxtına yarım əsrə yaxın hökmranlıq etmiş I Əxsitan çıxır. O, "qəddar və sərt" olmasına baxmayaraq, şairlərə himayə göstərməsi ilə də məşhurlaşmışdı. Saray şairləri öz qələmlərini Əxsitanın, onun doğmalarının və hərəmlərinin tə'rifinə həsr edirlər. 1188-ci ildə dahi Nizami də "Leyli və Məcnun" poemasını ona ithaf edir.
Bu dövrdə Xaqaninin məharəti görünməmiş yüksəkliyə qalxır. Onun şe'rlərini fərqləndirən əsas keyfiyyətlər bədii kamillik, melodiklik, səslənmə gözəlliyi, eyni zamanda o dövrün ədəbi ən'ənələrindən irəli gələn mətn mürəkkəbliyi, sözlərin oynadılması, çətin tutulan eyhamlar və elmi istilahlarla zənginlik idi. Saray şairlərinin yarışmasında o, birincilik əldə edir və elə bu da onun məliküşşüəra Əbül-əla, həmçinin o biri şairlərlə münasibətlərində özünü göstərməyə bilmir.
Xaqaninin bədxahlarının tə'siri altında Əxsitan da ona öz münasibətini dəyişir. Artiq sarayda yaşamaq şair üçün dözülməz olmuşdu. O, artıq ikiüzlülük, riyakarlıq, alçaqlıq, intriqanlıq şəraitində qala bilmirdi:
Xaqani Sirvandan köçmək fikrinə düşür. Əvvəlcə Xorasana getmək istəyir. 1151-ci ildə şair bu istiqamətdə Reyə qədər gedir. Lakin Rey hakimi buradan o yana getmək üçün ona icazə vermir və şair yenidən Vətənə dönməli olur. Bundan sonra Xaqani şahdan həcc ziyarətinə-Məkkəyə getmək üçün izn alır. Nəhayət, 1156-ci ildə Xaqani onun yaradıcılığında dərin iz buraxan bu səfərə çıxa bilir. O, Ön Asiyanın bir neçə ölkəsində olur, Ərdəbil, Bağdad, Dəməşq, Mosul, Məkkə və Mədinə şəhərlərində alimlər və dövlət xadimləri ilə görüşür, həmin ölkələrin ictimai həyati ilə tanış olur. 1159-cu ildə o, artıq Gəncədə idi. Şirvansah Mənuçöhr ona məktub yazaraq, Şamaxıya qayıtmasını tələb edirdi: "Şirvanda siyasi vəziyyət çox ağırdır. Sənin tə'cili olaraq buraya gəlməyin həddindən artıq vacibdir." Həmin məktubda Mənuçöhr ona iki görkəmli şairin ölümü barədə də mə'lumat verir. Bunlardan biri Əbül-əla idi. Şair qayıda bilmir, o, dörd ay ağır xəstə yatır. Yalnız Gəncədə məşhur həkim və şairin dostu olan Şəmsəddin həkimin sə'yləri onu xilas edir. Gəncədə Xaqanini hələ Şirvandan tanıdığı dostu və məsləkdaşı Şirvanşah tərəfindən buraya sürgün olunmuş Arran və Şirvan sufilərinin başçısı, məshur filosof imam Nəsirəddin Bakuvi də qəbul edir.
Bağdadda bir həftəyə yaxın qalan şair qonşu ölkə və vilayətlərin hakimlərindən bir çox də'vətlər alır. 1177-ci ildə Xaqani Diyarbəkrdən keçərək Təbrizə gəlir. Bu vaxt Təbriz artıq Azərbaycan Atabəylər dövlətinin paytaxt şəhəri idi. Xaqani yolda olarkən eşidir ki, şirvanşah Əxsitanın sevimli oğlu ölüb. Xaqani onun tərbiyəçisi olmuşdu. Şair Əxsitana başsağlığı göndərir.
Xaqani özü isə 1199-cu ildə Təbrizdə vəfat edir və şəhərin yaxınlığında Surxab adlanan yerdə sonradan "şairlər qəbristanlığı" ("məqbərətüstüəra") adi ilə məşhurlaşan qəbristanliqda dəfn olunur. Hələ sağlığında Iran və Azərbaycan poeziyasının klassikinə çevrilmiş Şəhriyarın ölümündən sonra 1981-ci ildə burada nəhəng bir muzey-məqbərə tikilmişdir.

İmadəddin Nəsimi 1369- cu ildə Şamaxıda sənətkar ailəsində anadan olmuşdur.
Nəsimi ərəb, türk və fars dillərini mükəmməl bilmiş və bu dillərdə əsərlər yaratmışdır. O, ilk əsərini Hüseyn təxəllüsü ilə yazırdı. Nəsimi 1417-ci ildə Hələb hökmdarı Yaşbəyin əmri ilə diri-diri dərisi soyularaq edam edilmişdir.
Seyid Əli İmadəddin Nəsimi - orta əsr Azərbaycan Türk şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri. Zamanında Nəsimi təxəllüsü ilə daha çox tanınan şair, Azərbaycan Türkcəsində divanın, Fars və Ərəb dillərindədə isə müxtəlif xırda əsərlərin müəllifi olmuşdur. Nəsimi Türk ədəbi tarixinin banilərindən biri sayılır.
Nəsiminin həyatı haqda geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli olduğunu qeyd edən mənbələrdə vardır. Bir çox tədqiqatçı onun Şamaxıda başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbakırda və hətta Şirazda anadan olduğunu iddia edirlər.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərir, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqanini xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik.
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.”
Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.

Nişat Şirvani Füzuli ədəbi məktəbinin davamçılarından biri olmuşdur. O, XVIII əsrdə Azərbaycan şairləri içərisində dilinin sadəliyi, aydın və obrazlılığı , xalq ifadələrindən bacarıqla istifadəsinə görə xüsusi yer tutur.O, Şamaxı şəhərində doğulmuş , ilk təhsilini də orada almışdır.Nişatın şerlərində işlədilən ifadələr , onun mükəmməl mədrəsə təhsili almış şəxsiyyət olduğunu aydınlaşdırır.
Nişat Şirvani Şirvan şairlәrinin mötәbәrlәrindәn birisi hesab olunur, Nişat hәqiqәt әhli olduğu üçün zahiri zöhdü tәqvanı vә riyai ibadәti sevmәz imiş vә şeirlәrinin çoxunda xudbin vaizlәrә vә müdәmmәq abidlәrә dolaşarmış. Heyfa ki, Nişatın tәrcümeyi-halına dair mәlumat cәm edә bilmәdik.
Ağamәsihlә onun hәmәsr olduğu әşarından görünür. Mәlum olduğuna görә, hәr iki şair ömürlәrinin çoxunu başqa diyar vә ölkәlәrdә sәyyahlıqla keçiriblәr vә sәyahәt etdiklәri vilayәtlәrin әksәri İran mәmlәkәtindә olan vilayәtlәr olubdur vә İran şüәra vә ürәfasından tәhsili-kәmalat etmişlәr. Vә lakin Nişat qürbәt vilayәtlәrdә kamal vә tәcrübә kәsb edibsә dә, xeyli mәşәqqәt vә zәhmәtlәrә dәxi düçar olubdur. Necә ki, bu xüsusda bir qәzәlindә yazır:
Hәr gah dostun yaman günündә dәyanәt göstәrib öz dostluq vә sәdaqәtindә möhkәm vә sabitqәdәm olsa, o, hәqiqi dostdur. Vә illa yaxşı gündә, әldә var vә dövlәt olan zamanı hamı sәnә dost vә xeyirxah olacaqdır. Odur ki, şair deyir:
Yaxşı gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün imtәhan etmәk gәrәk.
Amma Nişatın bir arzu vә xahişini haqq vә savab görә bilmәdik. O isә xalqdan qәti-әlaqә edib әnqa kimi qәnaәt kuşәsindә aşiyan etmәkdir. Nişatın bir tәrәf-dәn kuşәnişin abidlәri vә riyakar zahidlәri tәn vә mәlamәt edib, digәr tәrәfdәn özü guşәnişinlik arzu etmәsi bir növ qәribә gәlir vә bir dә islamda röhba-niyyәt olmadığı üçün müslüm gәrәkdir xalq içindә, hәmçinsi arasında dolanıb, onlar ilә müaşirәt elәsin, xalqa kömәk vә nәf yetirsin, xalqa, din vә vәtәnә hüsni-xidmәtlәr göstәrib hәr ikisinin tәrәqqi vә tәalisi yolunda sәrfi-himmәt etsin. Guşәnişinlik böyük bir hünәr deyil ki, onu arzu edib, әmәli qeyrilәrә dәxi töv-siyә olunsun.
Nişat Şirvaninin yuxarıda zikr olunan qәzәllәrindәn başqa daha da bir çox gözәl müxәmmәslәri vә mürәbbeatları vardır ki, cümlәsinә mәcmuәmizdә yer yoxdur.

M.Ə.Sabir 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:
Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.
Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış.
Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.
Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar etmişdi.Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi.
Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi.
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,”Həyat” qəzetində şer çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.
Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət “İrşad” qəzetinin redaksiyasında korrektor işleyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.
Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu.Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir.
Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.
“Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: “...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.
1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı, “Hophopnamə” böyük tirajla bir neçə dəfə çap olundu.
Mirzə Ələkbər Sabirin Şe'rləri
• Bir məclisdə 12 kişinin söhbəti
• Millət necə tarac olur olsun, nə işim var?!
• Tərpənmə amandır bala, qəflətdən ayılma
• Fəhlə səndə, özünü bir insanmı sanırsan
• Bura say
• Ürəfa marşı
• Ölüb əəə!
• Vəz etdiyin inandı, sən amma inanmadın!

S.Ə.Şirvani
Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd, Seyid Əzim kiçik yaşlarında ikən vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Heç təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir.
Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Fizuli şerlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar görkəmli yazarın zəngin bədii irsi içərisində az yer tutur. S.Ə.Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şerə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.
Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün "Əkinçi" bir xitabət kürsüsü idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:
Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarı ilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir. Şairin öyüdlərinin çoxu bu günə qədər öz tərbiyəvi əhəmiyyətini itirməmişdir.
Filhəqiqət dirəxti-nakamil,
Tərbiyət feyzinə olur şamil.
Növi-insan deyil ağacdan kəm,
Qabili-tərbiyətdi hər adəm.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.
Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir. Görkəmli şair 53 illik ömür salnaməsində böyük bir irs qoyub getmişdir.

Abbas Səhhət
- Mehdizadə Abbas Əliabbas oğlu (1874-1918) şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.
Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra "realnıy məktəbdə" azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.
"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman, erməni şair və yazıçılarının əsərləri ilə tanış edir.
Abbas Səhhətin "İt və əksi" şeiri "Vətən dili"nə salınmışdır.
1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, muza və şəhərli" adında romantik poeması nəşr olunur.
Şairin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi söz "nəhənglərinin" böyük təsiri olmuşdur. Abbas Səhhət türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir. 1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir.
Əsərləri
• 1.Kasıblıq eyib deyil (2 pərdəli komediya). Bakı: 1912,
• 2.Qərb günəşi (tərcümələr toplusu). Bakı: 1912,
• 3.Neft fontanı (1 pərdəli komediya). Bakı: 1912,
• 4.Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik (Mahmudbəyovla şərikli). Bakı: 1912

Məhəmməd Hadi Azərbaycan romantizminin görkəmli simalarından biri olan Məhəmməd Hacı Əbdülsəlimzadə Hadi (Şirvani) 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonra Hacı Molla Abbasın məktəbində oxumuşdur. 9 yaşında Hadinin atası vəfat etmiş, anası başqa ərə getmişdir. Atasının ölümü və qohumlar ümidinə qalması Hadiyə ağır təsir etmişdir. Məhəmməd Hadi bacıları ilə bərabər nənəsi Teyyibə xanımın himayəsində qalmışdır. Teyyibə xanım öz nəvələrini, xüsusilə gələcəyinə çox ümid bəslədiyi Məhəmmədi böyük qayğı ilə böyüdürdü. O, uşağı ərəbcə, farsca oxutmaq, mollalığa hazırlamaq niyyətində idi. Teyyibə xanımın vəfatından sonra M.Hadi başqa qohumlarından Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir.
Məhəmməd Hadi fitrətən sərbəst təbiətli, izzəti-nəfsini sevən, minnət götürməyən, məhdud yaşamağı bacarmayan istedadlı bir uşaq idi. Ona görə də başına gələn fəlakətləri dərindən duyur, kiçik yaşlarında belə mənəvi iztirablar çəkirdi. O, mühitinə sığa bilmir, köhnə həyatda heç bir təsəlli əlaməti görmürdü. Bu mühitdən qurtulmağa can atırdı. O, uzaq və böyük şəhərlərdə, yeni üsul ilə oxumaq, yeni elmləri öyrənmək istəyirdi. Lakin o zaman bu, yetim uşaq üçün müyəssər olmayan bir arzu idi. Hadi varlı qohumlarından bu barədə kömək istəyirsə də, heç kəs onun arzusuna əhəmiyyət vermir. Şair bunu şeirlərinin birində belə xülasə edir:
Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən, əmisi oğlunun köməyi ilə ticarət işinə əl atır, ancaq bu iş onun ürəyinə yatmadığından tezliklə tərk etdi. Şamaxı zəlzələsindən sonra (1902) Kürdəmirə köçən M.Hadi orada müəllimlik edir.
Hadi mətbuat aləminə 1905-ci ildə çıxmışdır. "Həyat" qəzetinin 109-cu nömrəsində Hadinin "Lövhi-məkatib" adlı şeiri çap olunmuşdur. Şair bu şeirində bütün misraları "məkatib" sözü ilə başlayaraq bu sözə tərif və sifət verir:
Hadi mətbuatdakı şeirləri ilə oxucuların hörmətini qazanmaqda idi. Onu yaxından tanıyan Mustafa Lütfi Həştərxanda "Bürhani-tərəqqi" qəzetini nəşr edirdi və onun Hadi kimi qüdrətli qələm sahibinə böyük ehtiyacı var idi. Onun çağırışına görə Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. M.Hadi "Həyat", "Füyuzat" və "Bürhani-tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. M.Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib "Füyuzat" məcmuəsində çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır. "Füyuzat" qapandıqdan sonra o, "Tazə həyat" və "İttifaq" qəzetlərində işləyir.
1910-cu ildə Hadi, İstanbula gedir, "Tənin" qəzetində Şərq dilləri mütərcimi sifəti ilə çalışır, yazıları ilə də yerli qəzet və məcmuələrdə iştirak edir. Hadinin alovlu bir hiss ilə, tərəqqipərvərlik ruhunda yazdığı şeirlər bütün Yaxın Şərqdə oxunub yayılırdı. Hətta şairin "Fünun və maarif adlı şeiri Hindistanda, "Həblülmətin" qəzetində farsca tərcümə olunub çap edilmişdi.
1913-cü ildə, hərbi nazirin qəmlu münasibətilə kənardan gələn ziyalılardan şübhələnən Osmanlı hökuməti Hadini də həbsə alır və Səlanikə sürgün edir. Orada da Hadidən şübhələnir, onu incitməyə başlayırlar. Hadi başına gələn ağır fəlakətlərdən sonra 1914-cü ildə Bakıya qayıtmağa müvəffəq olur. 1915-ci ildə Qafqaz ordusunda feldşeir sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata gedir, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini ifa edir.
Hadi harada, nə vəzifədə olur-olsun, qələmindən, odlu şeirlərindən ayrılmırdı. Cəbhə, döyüş həyatı onun yaradıcılığındakı mürəkkəbliyi artırdı. Müharibənin bütün dəhşətlərini duyan, həssas şair bu hadisələrin heç olmasa qaralamasını cızmağa, gələcəkdə özünün fəlsəfi əsərini yaratmağa çalışdı.
Hadi cəbhədə ikən bir sıra xırda şeirləri ilə yanaşı tərcümeyihalını əhatə edən "Sərgüzəşt"ini yazmağa başlamışdı. Müharibənin təsvirindən ibarət olub, Şərq ilə Qərbi müqayisə edən fəlsəfi poemanı da burada yazmışdır. Qafqaz ordusudan qayıtdıqdan sonra (1918) Hadi bir müddət Gəncədə qalır və sonra Bakıya gəlir. Bu zaman Hadi maddi ehtiyac içində idi. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdılar. Mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün deyildi. Şair öz əsərlərini vərəqə halında çap etdirərək satırdı. Müharibə dəhşətləri şairdə bədbin bir əhvali-ruhiyyəyə səbəb olmuşdu. Hadi heç kəsə inanmaq, heç kəsə qoşulmaq istəmir, tənhalıqda sinədən dediyi odlu misralarla qəmlərini unutmağa çalışırdı.
M.Hadi 1920-ci ildə Gəncədə vəfat etmişdir.
Əli Nəzminin öz xatirələrində yazdığına görə, həmin ilin baharında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir neçə gün sonra (1920, may) Hadi xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur.
Bəzi mənbələrdə isə Məhəmməd Hadinin uzun çəkən xəstəliyinə görə vəfat etdiyi bildirilir. İndiyədək Hadinin az əsərləri bizə çatıb. O öz əsərlərini sattığından ədəbiyyatçılar güman edirlər ki Hadinin bəzi əsərləri özü ilə torpağın altına gömüldü.

Reklam bannerləri