Kitabxanası
line decor
 / Kitabxana haqqında / Kitabxananın tarixi /E-kitabxana/ E-kataloq / Normativ sənədlər / Metodik vəsaitlər/Tədbirlər/
line decor

 
 
 
Turizm gözəllikləri

Şamaxı rayonunda son illər tikinti-quruculuq işlərinin geniş vüsət alması rayonun turizm sektorunun inkişafına da müsbət təsir edir. Şəhərdaxili küçələrə və yollara asfalt döşənəndən, yeni işıqlandırma sistemi quraşdırılandan, səkilər abadlaşdırılandan və digər quruculuq işləri görüləndən sonra Şamaxının görkəmi daha da müasirləşib. 25 kilometrlik Şamaxı-Pirqulu yolunun yenidən qurulması, Pirsaat çayı üzərində uzunluğu 158 metr olan körpünün salınması və digər yenidənqurma tədbirləri qədim şəhərin abadlığını artırmaqla yanaşı, insanların rahatlığına da zəmin yaradıb. Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilir. Elə buna görə də müasir və qədim Şamaxıya turistlərin marağı getdikcə artır.
Təkcə ötən il Şamaxıya 70 minə qədər yerli və xarici turist gəlib. Şamaxının ölkə paytaxtına yaxın olması da həm yerli, həm də xarici turistlər üçün çox əlverişlidir. Şamaxıya İrandan, Türkiyədən, Almaniyadan, Rusiyadan turistlər gəlmişdir.
Rayonda 22 turizm obyekti və 5 turist marşrutu fəaliyyətdədir. Şərədil kəndi yaxınlığında "Şərədil" istirahət mərkəzinin əlavə korpusu da inşa edilir. Dədəgünəş kəndi ərazisində müasir "Göyqurşağı" istirahət mərkəzi fəaliyyət göstərir. Bir ilə yaxındır ki, "Şamaxı" mehmanxanası əsaslı təmir edilir. “Fortuna”, “Qızıldaş”, “Göy qurşağı”, “Dağlar qoynunda”, “Şərədil”, “Sehirli həyat”, “Qoşa bulaq”, “Dədə Qorqud”, “Şirvansaray” istirahət mərkəzlərinin və”Şamaxı” motelin xidmətindən turistlər razidirlar.
Şamaxı-Pirqulu, Şamaxı-Şərədil, Şamaxı-Kələxana turist marşrutları ilə rayonun füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olmaq, hazırda əsaslı təmir-tikinti işləri görülən Astrofizika Rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün çox maraqlıdır. XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VIII-XV əsrlərə aid Gülüstan qalası və ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) qonaqların yaddaşında unudulmaz səhifələrə çevrilir.
Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngəxaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Naxaraxana zonasındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqlar da onlardan geri qalan deyil. Bu bulaqların suyu müalicə baxımından da çox əhəmiyyətlidir.
Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb. Maraqlı yerlərə atla gəzintilər turistlərin ürəyincə olur. İstirahət və bayram günlərində ölkəmizin paytaxtından və ayrı-ayrı rayonlardan gələnlər Şamaxının turizm həyatını daha da canlandırırlar. Qeyd etmək yerinə düşər ki, rayonun milli mətbəxi də qonaqların marağına səbəb olur.
2010-cu ilin may ayında turizm xidməti ilə əlaqədar Bakıda keçirilən beynəlxalq sərgidə Şamaxını "Qızıldaş" və "Şərədil" istirahət mərkəzləri təmsil edib. Belə tədbirlərin keçirilməsi turizm sektorunda müasir servis xidmətinin inkişafına da təsir edir.
Şamaxı Turizm İnformasiya Mərkəzində xarici dil bilən mütəxəssislər fəaliyyət göstərirlər. Onların xidmətindən Ağsu və Qobustan rayonları da yararlana bilir.
Rayonun muğam ifaçıları, aşıqlar qrupu, el sənətkarları vaxtaşırı qonaqlar qarşısında maraqlı proqramlarla çıxış edirlər. Turistlər xalq sənətkarlığı nümunələri ilə, xalça və tikmələrlə, o cümlədən usta Fərəcin misgərlik işləri ilə tanış olmağı da unutmurlar.

SƏYAHƏT ÜÇÜN GÖRMƏLI TARIXI YERLƏR

Zəngin təbiətə malik olan Şamaxı rayonu həm də qədim tarixi yerləri ilə məşhurdur. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə təmsil edilir: Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Kələxana kəndindəki İmamzadə piri, XVIIəsrə aid səkkiz məqbərədən ibarət kompleks, Gülüstan qalasının (XI-XII əsrlər) xarabaları və s. XIV əsrdə tikilmiş, yuraltı hamamı olan karvansara kompleksi də böyük marağa səbəb olur.
Çuxuryuddan 9 km aralıda Qaleybuğurt adlı dağ kəndi yerləşir. Bu kəndin ətrafında sanki sal qayaya bitişik olan əfsanəvi Qala-buqurt istehkamının (XII-XV əsrlər) xarabalıqları qalmışdır. XIII əsrdə Şirvanşah Şharux hücum etmiş farslardan burada müdafiə olunmuşdur. Qalanın içərisində şahın sarayı vardır. Qala mükəmməl su təchizatı sisteminə malik idi. İstehkam səddinə tağ şəkilli gizli yolla gətirilən suyu saxlamaq üçün daşdan tikilmiş hovuzlar, su qülləsi və su kəməri vardır.
Gülüstan qalasının xarabalıqları Şamaxının yaxınlığındadır. Şirvan hökmdarlarından biri olmuş Mustafa xanın sarayının qala divarlarının qalıqları Fit dağında ucalır. Şirvan xanlarının uyuduğu Yeddi Gümbəz məqbərəsi (XVIII-XIX əsrlər) yaxşı vəziyyətdə qalmışdır. Ən qədim abidələrdən biri də Xınıslı kəndində daşdan yonulmuş qadın heykəlidir. Üç rayonun – Şamaxı, Şabran , Quba rayonlarının qovuşduğu yerdə meşəli dağın zirvəsində qədim Şabran şəhərinin xarabalıqları var.

Pirqulu qəsəbəsi

Şamaxı şəhərindən 12 km şimal-şərqdə, Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına Astrofizika rəsədxanası fəaliyyət göstərir. Bu rəsədxana ən müasir avadanlıqlarla və MDB məkanında ən böyük, güzgüsünün diametri 2 metrə bərabər olan, teleskopla təchiz edilmişdir. Pirquluda qışda dağ-xizək idmanı ilə məşğul olmaq, yayda isə at belində maraqlı gəzəntiyə çıxmaq mümkündür. El arasında «Qırxbulaq» deyilən, saf sulu bulaqları ilə məşhur olan mənzərəli yer də çox məşhurdur.

Çuxuryurd qəsəbəsi

Şamaxıdan 10 km aralıda, Pirsaat çayının sağ sahilində, dəniz səviyyəsindən 850 metr yüksəklikdə Çuxuryurd adlı böyük bir qəsəbə yerləşir. Burada vaxtilə Rusiyadan köçüb gəlmiş malakanların nəsli yaşayır. Çuxuryurdun kartofu, kələmi, günəbaxan yağı çox məşhurdur. Burada yetişən alma, armud, gavalı və şaftalı dağ balı çox həvəslə alınır. Qəsəbənin ətrafındakı təpələrdən baxanda Babadağ, Tufandağ və Bazardüzü görünür. Qəsəbədə böyük müalicəvi əhəmiyyətə malik kükürdlü su bulaqları var.

Baba yurd
Dağlar qoynunda
Dədə Qorqud
Fortuna
Magic life
Qızıldaş
Şərədil

Reklam bannerləri